NƏCİB METALLAR
Dənizlərin dibində batmış gəmilər var. Onların yelkənləri çoxdan çürüyüb, göyərtələri yosun və balıqqulaqları ilə örtülüb, dəmir hissələri isə pas atıb. Tunc toplar da şor dəniz suyundan qaralıb. Təkcə gəmi anbarlarında qalan qızıl pullar bu neçə illər ərzində korlanmayıb. Nəinki suda, hətta torpaqda da illərlə, əsrlərlə qalan qızıl korlanmırda, qaralmırda.
Səməd Vurğun doğru demişdir:
“Qızılı udsa da qara torpaqlar,
Yenə qiymətini özündə saxlar”.
Hələ lap qədim zamanlarda insanlar gümüşün və qızılın qəribə xüsusiyyətlərini müşahidə etmişlər. Bu metallar havada öz parıltısını itirmir, suda pas atmır, turşu və qələvilərin yeyici məhlullarında həll olmurlar. Davamlılıq və sabitlik həmişə nəciblik əlamətləri hesab edilib. Ona görə də qızıl və gümüşdən ötrü neçə-neçə müharibələr baş verib, cinayətlər törədilib.
Hələ 300 il bundan qabaq Cənubi Amerika filiz mədənlərində ispanlar qızılı yumağa mane olan ağır bir metalı acıqla kənara atırdılar. Onlar heç ağıllarına gətirmirdilər ki, “platin” adlandırdıqları bu metal vaxtilə qızıldan da qiymətli hesab ediləcək.

Gümüş elektriki əla keçirir. Ondan elektron relesi üçün kontaktlar düzəldilir, radioqəbuledicilərin bəzi detallarının üzəri gümüşlə örtülür.
İndi qızıla da münasibət xeyli dəyişib. Ondan təkcə zərgərlikdə istifadə edilmir. Elektrovakuum cihazlarındakı kontaktları qızıldan hazırlayırlar. Qızıl olmadan tranzistor düzəltmək olmaz. Qızılın platinlə ərintisindən ən davamlı kimyəvi qablar istehsal edilir.
Комментарии
Отправить комментарий