Milli tarix və mədəniyyət ocağı – Şəki

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərviçəsində “Blogger-V-blogger; Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədiklərimiz” adlı layihəyə əsasən, Şəkiyə səfərimiz oldu. Məqsəd bu tarixi diyarla bağlı məlumatları cəmiyyətin diqqətinə çatdırmaq, onları bu istiqamətdə maarifləndirməkdən ibarətdir.

Şəki Azərbaycanın qədim tarix diyarıdır. Zəngin mədəniyyəti və tarixi ilə seçilən, əvvələr Nuxa kimi tanınan doğma Şəki, hazırda prezident səviyyəsində imzalanmış rəsmi sənədə əsasən, şəhər statusunu daşıyır. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, Böyük Qafqaz sıra dağlarının ətəklərində, mərkəzi regionlardan uzaqda yerləşir.

Bu qədim məskənlə bağlı çox yazılar yazılıb, çox fikirlər söylənilib. Bir bloger olaraq Şəkinin tarix və mədəniyyəti ilə bağlı yazacağım bu yazı görüb-şahidi olduqlarımı əks etdirəcək. 

Oxucuların diqqətinə çatdırım ki, ilk dəfə səfər etdiyim Şəki şəhərində şahidi olduğum hər bir an yaddaşımdan silinməyəcək. Çünki, gözəlliyi ilə insanları məst edən və tarixi adət-ənənələri yaşadan bu doğma diyar sözün əsl mənasında canlı ensklopediyadır.

Yolumuzu ilk olaraq Şəki Xan Sarayından saldıq. Dünya abidələri siyahısına salınan saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə istifadəyə verilib. Xan sarayı ikimərtəbəli olmaqla altı otaqdan dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Saraydakı naxışların zənginliyinə, rəng çalarlarına, stalaktit oymalara, kompozisiyalara baxdıqca ata-babalarımızın qabiliyyətinə, bacarığına, zövqünə və əsrarəngiz əməyinə heyran olursan. Dünya şöhrətli türk şairi Nazim Hikmət saraya baxdıqca sonra yazmışdır: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi”. 

Şəki Xan Sarayını gəzdikdən sonra yollandıq Karvansaraya. Azərbaycanın ən qədim ticarət və sənətkarlıq şəhəri olan Şəkidə çoxlu bazar və karvansaralar tikilib. XVIII-XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan dövrümüzə yalnız ikisi- Yuxarı Karvansara və Aşağı Karvansara gəlib çatıb. Bu karvansaralar da digərləri kimi karvanların və səyyahların dayanması üçün ayrılmış, özünün funksional xüsusiyyətinə uyğun tikilmişdir. 

Şəki karvansaraları da digərləri kimi karvanların və səyyahların dayanması üçün ayrılmış, özünün funksional xüsusiyyətinə uyğun tikilmişdir. Ancaq bu karvansaralar yolüstü karvansaralardan fərqli olaraq istirahət otaqları ilə yanaşı, müxtəlif ticarət əməliyyatları aparmaq, mübadilə müqavilələri bağlamaq üçün xüsusi otaqlar da inşa edilib. Plan quruluşuna, böyük ölçülərinə, istirahət və ticarət üçün rahatlığına görə Şəki memarlığını xarakterizə edir.

Qədim Alban məbədini ziyarət etmək üçün Kiş kəndinə yola düşdük. Şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban məbədi də məhz Şəki şəhərinin Kiş kəndində yerləşir. Bu məbəd Kiş kəndinin Maflar məhəlləsində yerləşir. Məbəd ərazisini əhatə edən divarların qalıqları bəzi yerlərdə indidə qalmaqdadır. Alban kilsəsinin yerli əhali tərəfindən bu günə qədər qorunub saxlanmasının əsas səbəbi onun müqəddəs sayılmasıdır ki, bu da onun antikliyi ilə üzvü surətdə bağlıdır. Bütün bunların hamısı məbədin müqəddəs dini mərkəz olmasından xəbər verir. Orada çalışan yerli sakinlərin verdiyi məlumata görə, uzaq yerlərdən bura gəlib nəzir verənlər, qurban kəsənlər də çoxluq təşkil edir. Məbədi dövr edib dua edənlər və arzuların həyata keçməsi üçün qəpik pulları məbədin divarlarına yapışdıranlar da xeyli saydadır.

Arxeoloji qazıntılar zamanı məbədin şimal-şərq divarlarının altında torpaq qəbir aşkar olmuşdur. Qədim Qafqaz Albaniyasına aid məzarlar, kəllə sümükləri hələ də qorunub saxlanılır. 

Və son olaraq, Şəkinin məşhur şirniyyatları olan məkana gedib ləziz təamların dadına baxdıq. Azərbaycanın milli şirniyyat məmulatları arasında Şəki şirniyyatlarının xüsusi yeri və dadı var. Şəki halvası, bamiyəsi, noğulu, mindalı, barama şirnisi və s beynəlxalq şirniyyat festivalında əsas yer tutub.

Комментарии